İranın ali dini lideri Əli Xamenei bir həftədən çox, hətta atəşkəsin ilk günlərində belə xalqa görünmədi. O, iyunun 26-da yeni videomüraciət yaydı. Onun yenidən peyda olması bir çox iranlı, həmçinin kənar müşahidəçilərin onun bu ağır böhranı necə idarə etməsinə dair şübhələri dağıtmır. Bunu AzadlıqRadiosunun müxbiri Kian Şərifi həftəlik "Farda Briefing" bülletenində yazır.
Təcriddən qayıdış
86 yaşlı Xamenei vaxtilə İslam respublikasının sifəti idi. İsraillə 12 günlük müharibə vaxtı isə tam təcridə çəkildi. Axı, onun İsrailin hədəf siyahısında olması xəbərləri də yayılmışdı. O, iki dəfə videobəyanat yaydı, ikincinin bunkerdə lentə alındığı görünürdü, keyfiyyəti aşağı idi. Amma bütün bunlar xalqı inandıra bilmədi.
İran lideri bir həftədən sonra öncədən yazılmış, daha keyfiyyətli videoda görüntüləndi. Videonun fonu daha çox ikinci videosunu xatırladırdı, nəinki ofisində qeydə alındığı görünən birincini.
Xamenei iranlıları İsrail və ABŞ üzərində "qələbə" münasibətilə təbrik edib, İsrailin İranın zərbələri altında əzildiyini bəyan edib. O, Tehranın nüvə proqramına hücumların əhəmiyyətini də kiçildib. İranın digər rəsmiləri isə daha öncə obyektlərə böyük ziyan dəydiyini demişdilər.
Xamenei ilə əlaqə yarada bilməyiblər
Bu arada İsrailin baş naziri Benyamin Netanyahu daim ictimaiyyət arasında olub, ya bəyanat verib, ya da İranın qabaqlayıcı zərbələrindən ziyan görmüş ərazilərə gedib. İranın ali baş komandanı olan Xamenei gizləndiyi bir vaxtda Netanyahu seçki kampaniyası aparırdı.
Hətta İranın xarici işlər naziri daxil, yüksəkrütbəli rəsmilərin belə onunla birbaşa əlaqə yarada bilmədiyi deyilir. Təsdiqlənməmiş xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp ötən həftə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana müraciət edərək İran və ABŞ rəsmiləri arasında görüşün təşkili üçün köməyini istəyib. Amma bu alınmayıb, çünki yenə deyilənlərə görə, Xamenei ilə əlaqə yaratmaq mümkün olmayıb.
K.Şərifi yazır ki, yenidən peyda olmasına baxmayaraq, Xameneinin müharibənin ən kritik anlarında yoxluğu diqqətçəkən məsələdir. İranın ağır itkilər verdiyi, nüvə obyektləri bombalandığı, ABŞ-nin iştirakıyla atəşkəs əldə olunduğu bir vaxtda Xamenei ortalıqda yox idi.
Və bu sükut unudulmayıb. İran ictimaiyyəti və şərhçilər Xameneinin görünməməsinə lağ edir, onun liderlik qabiliyyətini sorğulayırlar. Onillər boyunca formalaşdırılmış məğlubedilməzlik mifinin dərindən sarsıldığı görünür.
Onun yoxluğunda prezident Məsud Pezeşkian, digər hökumət rəsmiləri önə çıxaraq həm atəşkəsi, həm də rejimin mesajlarını idarə ediblər.
İmicin sarsılması
Müharibə vaxtı Xameneinin olmaması onun İslam respublikasındakı əsas dəstək bazası arasındakı imicinə ciddi təsir göstərə bilər. Bunu ABŞ-də yaşayan akademik və ilahiyyatçı Mustafa Daneşqar deyir. O, AzadlıqRadiosunun "Radio Fərda" fars xidmətinə deyib ki, Xamenei tərəfdarlarına "arzular satırdı", "təhlükəsizlik mifi", xarici təcavüzü dəf etmək qabiliyyəti kimi, amma İsraillə müharibə bu xəyalları alt-üst etdi.
"Onsuz da İranda çoxları Xamenei ilə bağlı xəyal qırıqlığı yaşayırdı, indi isə hətta tərəfdarları arasında belə imici sarsıldıb. İndi tərəfdarlarının çoxlu sualları var", – o deyir.
"Belə fikir də söyləmək olar ki, Ayətullah Xamenei həm rejimin başına bu fəlakətin gəlməsi üçün, həm də onu təhlükədən xilas etməyə görə məsuliyyət daşıyır. Xamenei münaqişədən həm fiziki, həm də siyasi baxımdan qurtuldu, amma onun irsi ölkəni məhv edir", – bunu isə Beynəlxalq Böhran Qrupunun İran proqramının direktoru Əli Vaez AzadlıqRadiosuna deyib.