Arxiyepiskop Qalstanyan və 14 tərəfdaşı həbs olundu

Arxiyepiskop Baqrat Qalstanyan Yerevanda prokurorluq qarşısında etiraz aksiyasında.

Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyan barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Bu barədə onun vəkili Ovanes Xudoyan jurnalistlərə məlumat verib.

Qalstanyanın vəkili qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Hüquq-mühafizə orqanları Tavuş yeparxiyasının keçmiş liderini terrorizmdə və hakimiyyəti qəsb etməyə cəhddə ittiham edir.

Qalstanyanın vəkili Aram Orbelyan isə İstintaq Komitəsinin yaydığı səsyazmalara istinad edərək deyib: "Bəzi səsyazmaların bəzi hissələri götürülüb və ya kəsilib, dərc olunan yazılardan görünür ki, söhbət qanuni hərəkətdən gedir. Səsyazmalardan birində birbaşa belə yazılıb: "Bu, bir neçə gün davam edəcək, impiçmentlə başa çatacaq". Söhbət impiçmentdən gedirsə, o zaman hakimiyyətin qanunsuz və ya Konstitusiyada nəzərdə tutulmayan hər hansı yolla ələ keçirilməsindən söhbət gedə bilməz. Üstəlik, nə qədər doğrudur, nə qədər redaktə olunub, nə kontekstdən çıxarılıb, aydın deyil".

Ermənistan İstintaq Komitəsi iddia edir ki, Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs Mübarizə" hərəkatı Ermənistanda terror və hakimiyyəti ələ keçirməyi planlaşdırıb.

İş üzrə daha 15 təqsirləndirilən şəxs var.

Sizin brauzer HTML5-i dəstəkləmir

Yerevanda kütləvi həbslər - Paşinyan çevriliş planlandığını deyir

Ermənistan İstintaq Komitəsi etirazlar liderinin terror və çevriliş planlaşdırdığını iddia edir

Ermənistanda müxalif "Müqəddəs Mübarizə" hərəkatının iştirakçıları və liderləri "Ermənistan Respublikasında terror aktları və hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar həyata keçirməyi planlaşdırıblar". Bunu iyunun 25-də yaydığı açıqlamada Ermənistan İstintaq Komitəsi bəyan edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, arxiyepiskop Baqrat Qalstanyan ötən ilin noyabrından bəri hakimiyyəti Ermənistan Respublikasının Konstitusiyasının nəzərdə tutmadığı üsullarla ələ keçirməyə çalışır.

İstintaq Komitəsi vurğulayıb ki, arxiyepiskop Qalstanyan hərəkatın iştirakçıları və tərəfdarları ilə keçirdiyi görüşlər zamanı seçkilərə hazırlaşmaq, onlarda iştirak etmək və bu yolla hakimiyyətə gəlmək ehtimalını qəti şəkildə istisna edib. O, hərəkatın fəaliyyət metodologiyasının dəyişdirildiyini bildirib. Belə ki, artıq təbliğat və inandırma üsullarından imtina olunur və hərəkatın fəaliyyəti, eləcə də onun son məqsədi mitinqlərlə deyil, əvvəlcədən razılaşdırılmış bir vaxtda kiçik zərbə qruplarının zorakı hərəkətləri vasitəsilə həyata keçirilməli idi.

"Bu məqsədə çatmaq üçün hərəkatın bir sıra iştirakçıları ilə razılaşaraq, qrup terror aktları törətmək və hakimiyyəti ələ keçirmək üçün zəruri vasitə və alətləri əldə etmiş, həmçinin digər məqsədli şəraitlər yaratmış və bununla da hakimiyyətin qəsb edilməsinə hazırlıq görmüşdür", - İstintaq Komitəsinin bəyanatında qeyd olunub.

Qalstanyanın rəhbərlik etdiyi hərəkat 2024-cü ilin ortalarından hökumət əleyhinə nümayişlər təşkil etməyə başlayıb.

İstintaq Komitəsi bildirib ki, Qalstanyan hökuməti devirmək və hakimiyyəti ələ keçirmək məqsədi daşıyan terror aktları həyata keçirmək üçün "hücum qrupları" yaratmaq üçün öz tərəfdarlarını cəlb edib.

"Armenpress" agentliyi Ermənistan İstintaq Komitəsinə istinadən yazıb ki, iddiaya görə, şübhəlilər, əsasən, keçmiş hərbçiləri və sabiq polis əməkdaşlarını 25 nəfərlik "hücum dəstələri"nə cəlb ediblər. Bu cür təxminən 250 dəstə formalaşdırılıb və hər birinə konkret tapşırıqlar verilib - toqquşmalar törətmək, yolları bağlamaq, ölkə üzrə nəqliyyatı iflic etmək, partlayışlar həyata keçirmək və başqa cinayət əməlləri ilə panika, qarışıqlıq yaratmaq və hakimiyyəti ələ keçirmək.

İstintaq Komitəsinin məlumatına görə, bu qrup 2025-ci ilin yanvarından bəri mindən çox şəxsi öz sıralarına cəlb edib.

Hərəkat və keşişin özü hələlik heç bir açıqlama verməyib.