Tramp və Zelenski NATO sammitində görüşüblər

V.Zelenski və D.Tramp

Haaqada NATO sammitinin plenar iclasından sonra ABŞ və Ukrayna prezidentlərinin görüşü baş tutub.

Ukrayna mətbuatının məlumatına görə, görüş bağlı qapılar arxasında keçirilib və təxminən 50 dəqiqə davam edib.

Volodimir Zelenski görüşü "məzmunlu" adlandırıb. Onun sözlərinə görə, bütün vacib məsələlər, o cümlədən "atəşkəs və real sülhə necə nail olmaq" müzakirə olunub.

NATO sammitinin yekunlarına dair mətbuat konfransında Tramp Zelenski ilə görüşü "yaxşı" adlandırıb və atəşkəs məsələsinin birbaşa müzakirə olunmadığını vurğulayıb. ABŞ prezidentinin dediyinə görə, o, Vladimir Putinlə danışmağı planlaşdırır. "Görək buna son qoya bilərikmi?", - Tramp müharibəni nəzərdə tutaraq deyib.

"Bloomberg"in yazdığına görə, Tramp NATO müttəfiqlərinə Ukraynadakı vəziyyətin tamamilə nəzarətdən çıxdığını və təxirəsalınmaz tədbirlər tələb etdiyini bildirib. Tramp tezliklə atəşkəs və sülh razılaşmasının tərəfdarıdır. Ukrayna Birləşmiş Ştatların atəşkəslə bağlı təklifinə razılıq verib, lakin Rusiya əlavə şərtlər irəli sürür.

ABŞ dövlət katibi Marko Rubio çərşənbə günü bir daha bəyan edib ki, Vaşinqton indiki məqamda sanksiyaları sərtləşdirmək istəmir, çünki bu, Rusiya ilə dialoqun qapısını bağlaya bilər.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.